Call (012)493-22-84; (051)816-60-40

Samir Cavadov kimdir?

                                 Samir Cavadov

1964-cü ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Hələ orta məktəbdə oxuyarkən, məktəb direktoru Samirin atasına onu Naxçıvanski adına hərbi məktəbə yollamağı tövsiyə edir. Balaca Samir özü də buna böyük həvəs göstərirdi. Hərbçi olmaq istəyirdi. Lakin, onun uşaqlıqdan musiqiyə istedadını görüb, valideynləri onu əvvəl musiqi məktəbinə, sonra isə Asəf Zeynallı adına musiqi kollecinə göndərirlər.

Kolleci qırmızı diplomla bitirib, 1984-cü ildə Samir Azərbaycan Dövlət Konservatoriyasının fortepiano kafedrasına, xalq artisti, Fərhad Bədəlbəylinin sinfinə daxil olur. Həmin ildə həqiqi hərbi xidmətə yollanır.

Xidmətdən qayıdaraq, təhsilini davam etdirir və Konservatoriyanı bitirir. Bir müddət ixtisası üzrə musiqi müəllimi işləyir. Lakin, hərb və hüquq elminə olan həvəsi onu rahat buraxmır.

1993-cü ildə o, Daxili İşlər Orqanlarına əvvəl mülki, sonra isə milis əməkdaşı kimi xidmətə başlayır. 1994-cü ildə ilk zabit rütbəsini alır. Hüquq elmini dərindən öyrənmək üçün sənədlərini DİN-in Ali Polis Akademiyasına göndərir. Giriş imtahanında Akademiyanın rəis müavini Mahir Əhmədov gənc zabitə müraciət edərək, deyir: “Musiqiçi olmaq istəmədin, görək, bəlkə səndən yaxşı hüquqşünas çıxacaq”. Polkovnikin bu sözləri Cavadovun yaddaşında uzun müddət qalır. Dərslərdə xüsusi çalışqanlıq nümayiş etdirərək, o, Polis Akademiyasını bitirir və qısa bir zamanda özünün ikinci ixtisasına sahib olur. Oxuya-oxuya həm də işini davam etdirir. Ümumilikdə, 10 ildən artıq bir müddətdə bir sıra şöbə və idarələrdə kadr və peşə hazırlığı üzrə baş müvəkkil kimi çalışır. Polis mayoru rütbəsinə qədər yüksəlir.

Sonra ona BP Azərbaycan şirkətinin təhlükəsizlik departamentindən iş təklifi gəlir. Qəbul edir və karyerasını neft şirkətində sıfırdan qurmağa qərar verir. Burada da, işə məsuliyyəti və öz üzərində işləməsi ilə fərqlənərək, BP şirkətinin təhlükəsizlik departamentinin təlimlər üzrə rəhbər işçisi kimi irəli çəkilir. İllərcə qazandığı təcrübəni və biliklərini gənc əməkdaşlarla bölüşərək, onların xüsusi və hüquqi hazırlıqlarının daim inkişafı üçün çalışır. Onun hazırladığı əməkdaşlar BP şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyi bütün obyektlərdə təhlükəsizliyi və ictimai asayişi layiqincə qoruyurlar.

Şəxsi heyətin təlim-tərbiyəsi və peşə hazırlığının təkmilləşdirilməsi sahəsində xüsusi əməyinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general V. Axundov tərəfindən tərifnamə ilə mükafatlandırılır.

Cavadov İngiltərədə həm təhlükəsizlik sahəsinə, həm də təlim və inkişaf sahəsinə dair bir sıra təlimlərdə və sertifikasiya proqramlarında iştirak edib.

ICTA (International Coach and Trainer Association) Beynəlxalq Təlimçilər Assosiasiyasının Müxbir Üzvüdür.

Hazırda, Samir Cavadov Titan özəl peşə məktəbində tədris üzrə direktor müavini vəzifəsində çalışır, təlim və inkişaf sahəsinə rəhbərlik edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “SABAH” qruplarına baş müəllim kimi seçilib.

Jiu-Jitsu üzrə narıncı kəmər ustasıdır.

Cavadov fərdi təlimçi kimi də fəaliyyət göstərməyə vaxt tapır – bir sıra mövzularda təlimlər keçir, bilik və bacarıqlarını başqaları ilə həvəslə bölüşür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*